Azərbaycan “Microsoft Imagine Cup” müsabiqəsinin ümumdünya yarımfinalında qalib gəlib

microsoftBakı – 5 iyun 2015-ci il. “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin

ümumdünya online-yarımfinalının qalibləri müəyyənləşib. Bu mərhələnin qaliblərindən biri

Azərbaycan komandası olub.

Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və

Azərbaycanı sözügedən müsabiqədə “NoObs” komandası təmsil edəcək.

Qalib komandanı təbrik edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini

Elmir Vəlizadə komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə

və Nizami İsmayılova müvafiq sertifikatları təqdim edib və bildirib ki, “Imagine Cup”

müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində

mühüm rol oynayır.

“Qeyd etmək istərdim ki, ümumdünya online-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib

və onlardan yalnız biri – “NoObs” komandası “İnnovasiyalar” nominasiyasında qalib gəlib ki,

komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil

edəcək. Bundan başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki,

İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın”, - deyə

E. Vəlizadə qeyd edib.

Öz növbəsində “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov qalib

komandanı təbrik edib və bildirib ki, komandaların sözügedən müsabiqədə adi iştirakı belə

böyük təcrübədir.

“Bizim məqsədimiz – Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın

bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz

tərəfdaşlarımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla

bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik ki, burada tələbələr fundamental və sənaye

bilik-bacarıqları əldə etsinlər, ən son texniki həllərdən və proqramlardan istifadə etsinlər,

özlərini tətbiqi həllərin yaradılmasında sınasınlar, müxtəlif yerli və beynəlxalq müsabiqələrə

qatılsınlar və təcrübələri əsasında işlək məhsullarını bazara çıxarmağa nail ola bilsinlər”, -

deyə R. Hacıəlibəyov bildirib.

Qeyd edək ki, “Microsoft Imagine Cup” müsabiqəsinin beynəlxalq online-yarımfinalında 64

ölkədən 150 komanda iştirak edib. Nəticədə 33 komanda finala vəsiqə qazanıb, onlardan 12-

si “İnnovasiyalar” nominasiyasında mübarizə aparacaq.

Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi ilk dəfə təşkil olundu. Milli seçim turu və

online-yarımfinalı uğurla keçən 20 komanda milli finala vəsiqə qazandı. Ümumdünya

Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil

müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: “İnnovasiya”,

“Oyunlar” və “Dünya vətəndaşlığı”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr

arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Belə ki, milli finalda “İnnovasiyalar”

nominasiyası üzrə “NoObs” komandası, “Oyunlar” nominasiyası üzrə “IDEAlists” komandası,

“Dünya vətəndaşlığı” nominasiyası üzrə isə “Mar-Tech” komandası qalib gəldi. Qaliblər

beynəlxalq online-yarımfinalda iştirak edib və yalnız bir komanda ümumdünya finalına vəsiqə

qazana bilib. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində

pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına

qoşulacaqlar.

Xatırladaq ki, Azərbaycanda “Imagine Cup”

müsabiqəsi Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, “Microsoft Azerbaijan”

şirkəti və “Nar” rabitə operatorunun təşkilatçılığı ilə həyata keçirilib.


Xəbər 773 dəfə oxunub | Tarix: 2015-06-08
Reklam
Reklam
Reklam