Qrant Elanı

thumbsAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir

18 dekabr, 2014

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra "Şura" adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyəcəkdir:

İnsan hüquqları, demokratiya və ictimai vəkillik

Bu istiqamət üzrə:

İnsan hüquq və azadlıqlarının qorunması,

Demokratik proseslərin dəstəklənməsi,

Məhkumluqdan azad olunanların reabilitasiyası,

İnsan alveri ilə mübarizə,

Əmək hüquqlarının qorunması,

Televiziyalarda qanunların təbliği,

Hüquqi xidmətlərin göstərilməsi,

Sərhədyanı ərazilərdə insan təhlükəsizliyi məsələləri mövzusunda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

Şəffaflıq məsələləri

Bu istiqamət üzrə:

Korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaş fəallığının artırılması,

Mədən sənayesində şəffaflıq,

Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılmasının monitorinqi,

QHT-lərdə şəffaflığın artırılması üzrə təşəbbüslər mövzusunda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə

Bu istiqamət üzrə:

Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair təşəbbüslər,

Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği,

Narkomaniya ilə mübarizə,

Dini maarifləndirmə işinin müasir dövrün tələblərinə uyğun təşkilinə dəstək,

Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası,

Məişət zorakılığına qarşı mübarizənin aparılması mövzusunda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

Beynəlxalq əməkdaşlıq məsələləri

Bu istiqamət üzrə:

Şimali Amerika və Avropa İttifaqı ölkələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlərin həyata keçirilməsi,

Azərbaycanın təbliği ilə əlaqədar xarici QHT-lərlə əməkdaşlıq,

Xarici ölkələrin KİV-lərində Azərbaycanla bağlı məlumatların verilməsi,

Dağlıq Qarabağla bağlı yaradılmış saytların müxtəlif dillərə tərcüməsi və yenilənməsi,

Azərbaycanlılara qarşı soyqırımlar, erməni təcavüzü mövzusunda xarici auditoriyalara hesablanmış videoçarxların, qrafik tipli materialların hazırlanması. Tanınmış xarici mədəniyyət və incəsənət xadimlərinin, idmançıların və digər nüfuzlu şəxslərin bu mövzularda xarici dillərdə qısa video təqdimatlarının, musiqi kliplərinin hazırlanması,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair xarici dillərdə elektron audio-kitabxana bazasının, onun mobil telefonlar üçün proqram təminatının yaradılması və tətbiqi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı erməni soyqırımlarının araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramları,

Ölkəmizin mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələri, azad jurnalist və fəal bloqerlərdən ibarət qrupların Azərbaycana səfərlərinin təşkil olunması mövzusunda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

 

Ətraf mühit və sağlamlıq məsələləri

Bu istiqamət üzrə:

Yaşıllıqların salınması,

İctimai obyektlərin ekoloji monitorinqinin aparılması,

Ətraf mühitin məişət tullantılarından təmizlənməsi,

Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası,

Məişət gigiyenası, qida təhlükəsizliyi və tibbi biliklərin artırılması,

Səhiyyə xidmətinin yaxşılaşmasına dair təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur.

Sosial məsələlər

Bu istiqamət üzrə:

Ahıl və tənha insanların sosial vəziyyətinin yaxşılaşmasına dair təşəbbüslər,

Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər,

Əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması,

Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşmasına dair təşəbbüslər,

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasına dair təşəbbüslər,

Biznesinin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsi (yayılması), innovativ texnologiyaların tətbiqi sahəsində fermerlərin maarifləndirilməsi və bilgilərinin artırılması,

Dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərdən istifadə sahəsində iri fermer təsərrüfatlarının məlumatlandırılması, bacarıqların inkişaf etdirilməsi,

Təhsilin keyfiyyətinin yaxşılaşmasına dair təşəbbüslər mövzusunda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

Regionlara aid məsələlər

Bu istiqamət üzrə müsabiqəyə yalnız hüquqi ünvanı regionlarda olan QHT-lər layihə təqdim edə bilər. Bu istiqamət üzrə:

Regionlarda kiçik infrastruktur problemlərinin həlli,

Yeni sosial xidmət sahələrinin yaradılması,

Kənd turizminin inkişafına dair təşəbbüslər,

İctimai problemlərin həlli istiqamətində QHT-bələdiyyə əməkdaşlığı,

Aztəminatlı ailələr üçün pilot kənd təsərrüfatı sahələrinin yaradılması,

Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi üçün hüquqi xidmət və praktik kömək göstərilməsi,

Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların radikal meyllərdən və zərərli vərdişlərdən çəkindirilməsi və regionlara aid digər mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur.

Layihələrin müddəti:

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 3 aydan 12 ayadək ola bilər.

Maliyyə yardımının məbləği

Layihənin ümumi dəyəri 3000 manatdan 30000 manatadək ola bilər.

30 min manatadək layihə təqdim edən QHT-nin:

Dövlət qeydiyyatı və bank hesabı olmalı,

Daimi ofisi və işçi heyəti olmalı,

Son üç ilin birində 50 min manatdan yuxarı maliyyə dövriyyəsi və bu barədə bank çıxarışı olmalı,

Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməli,

Təqdim etdiyi mövzu üzrə 3 illik təcrübəsi olmalıdır.

20 min manatadək layihə təqdim edən QHT-nin:

Dövlət qeydiyyatı və bank hesabı olmalı,

Layihə idarəetməsi üzrə azı 3 illik təcrübəsi olmalı,

Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməli,

Təqdim etdiyi layihə üzrə təcrübəli mütəxəssis potensialı olmalıdır.

10 min manatadək layihə təqdim edən QHT-nin:

Dövlət qeydiyyatı və bank hesabı olmalı,

Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir.

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz:

Daşınmaz əmlakın satınalması;

Mövcud kəsirin ödənilməsi;

Təhsil üçün fərdi təqaüd;

Siyasi və dini fəaliyyət;

Ayrı-ayrı fərdlərə maddi yardım;

Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

Layihələrin hazırlanması üçün texniki şərtlər

Kitab nəşrini təklif edən layihələrə müvafiq dövlət qurumundan və ya ixtisaslaşmış təşkilatlardan dəstək (tövsiyə) məktubu təqdim edilməlidir.

Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun səhifə və tirajının sayı göstərilməlidir.

Filmin çəkilişini təklif edən təşkilat filmin ssenarisini təqdim etməli, dəqiq həcmini göstərməli, müvafiq rəyi layihəyə əlavə etməlidir.

Təlimlə əlaqədar olan layihəyə həmin mövzu üzrə təlim materialı, təlimin gündəliyi və təlimçilərin CV-ləri əlavə olunmalıdır.

Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin ilkin proqramı, gündəliyi, iştirakçıların sayı barədə məlumat layihəyə əlavə edilməlidir.

Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu olmalıdır.

Ərizələrin təqdim olunması üçün texniki tələblər:

QHT müsabiqəyə yalnız Şuranın www.e-qht.az elektron xidmət saytında olan elektron ərizə və layihə təklifi ilə müraciət etməli və elektron formada qeydiyyatdan keçməlidir.

Şuranın www.e-qht.az elektron xidmət saytında olan elektron ərizədə "QHT-lərin qeydiyyatı" və "Layihə haqda məlumat" bölmələrində olan suallara cavab verilməlidir.

QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir.

QHT tərəfindən yazılan elektron ərizə Şuranın bazasına daxil olduqdan sonra adminstrator tərəfindən yoxlanılır və qeydə alınır.

Ərizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir.

E-mail vasitəsilə qeydiyyat nömrəsini almış QHT-nin ərizəsi qeydə alınmış hesab olunur.

Müsabiqə qaydalarına və şərtlərinə cavab verməyən ərizələrin müəllifi olan QHT-lərin elektron poçtuna bu haqda yazılı bildiriş göndərilir.

Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmayacaq.

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;

Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olduğunu nümayiş etdirməsi;

Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;

Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;

Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;

Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;

Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;

Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;

Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;

İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;

Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;

Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;

Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;

Layihənin davamlılıq göstəriciləri;

Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;

Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;

Layihəni təqdim etmiş təşkilatın resursları, təcrübəsi və layihə idarə etməsi üzrə bacarığı;

Təşkilat layihəni hazırlayarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələr aparılması;

Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər

Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;

Əvvəlki ildə "QHT-nin illik maliyyə hesabatı"nı Maliyyə Nazirliyinə təqdim etməməsi;

Əvvəlki müsabiqədə maliyyə yardımı almış və layihəsinin icra müddətinin başa çatmaması;

Əvvəlki müsabiqədə maliyyə yardımı almış, layihəsinin icrası başa çatmış, amma Şuraya müvafiq hesabatın təqdim edilməməsi;

Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması;

Əvvəlki maliyyə yardımı müsabiqəsi üzrə Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərin bu barədə araşdırmaların başa çatmaması.

Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizələrin qəbulu 11 dekabr 2014-cü il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

1-ci mərhələ - Layihə təklifinin qəbulu

Bu mərhələ 11 dekabr 2014 – 15 yanvar 2015-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

2-ci mərhələ - Ərizə və layihə təkliflərinin ilkin seleksiyası

Bu mərhələ 16-30 yanvar 2015-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası

Bu dövr 02-16 fevral 2015-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi. Müsabiqə qalibləri 2015-ci il martın 2-dən sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 19 dekabr 2014-cü ildə saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat prospekti, 529-cu məhəllə, bina 23) keçiriləcək.

Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Fərid Rüstəmova müraciət etmək olar.

Tel /faks: (012) 493 17 80, 493 17 32. (Daxili 125). E-mail: frustamov@cssn.gov.az 

Ərizə forması /uploads/files/yeni%202-Erize%20formasi.doc 

Layihə təklifi forması /uploads/files/yeni%203-Layihe%20teklifi%20formasi.doc 

Xərclər smetası /uploads/files/yeni%204-X%C9%99rcl%C9%99r%20smetas%C4%B1%20formas%C4%B1-2015.xlsx 

Müsabiqə şərtləri /uploads/files/yeni%205-Musabiqe%20shertleri%202015.doc 

Müsabiqə qaydaları /uploads/files/6-Musabiqe%20qaydalari.doc

İcra planı /uploads/files/7%20-%C4%B0cra%20plan%C4%B1.doc


Xəbər 2345 dəfə oxunub | Tarix: 2014-12-22
Reklam
Reklam
Reklam